mugan

Azərbaycan yaşayış məskənlərinin toponimlərinin dəyişdirilməsi

Новости

Yerli  etnik kimliyin yaradılmasına və təşviqinə istiqamətlənmiş siyasət 1920-ci illərdə İosif Stalin tərəfindən yürüdülməyə başlanılıb. Həmin vaxt Stalin milli məsələlər üzrə bolşevik komissarı olub. Bu milli siyasət “yerliləşdirmə” adı ilə tanınıb. Rusiya İmperiyası dövründə həyata keçirilmiş ruslaşdırma prosesinin tamamilə əksinə olaraq, bu siyasət Sovet İttifaqındakı xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasına istiqamətləndirilmişdir. Bu siyasət etnik olaraq qeyri-rusların yaşadığı bölgələrdə yerli xalqların geniş kütlələrə çevrilməsinin köməyi ilə həyata keçirilib.

Praktiki olaraq, bu, yerli xalqların dillərindən ictimai həyatın bütün sahələrində tətbiq olunması, yerli dillərin xüsusilə də, təhsil və mədəniyyət sahəsində, nəşriyyat işlərində və ən əsası hökumət və Sovet İttifaqının Kommunist Partiyasında istifadə olunması demək idi. Bundan əlavə, bu siyasətlə qeyri-rus məktəblərinə, qəzetlərə, jurnallara, kitab nəşrlərinə, kitabxanalara, muzey və teatrlara dəstək verilməklə yerli mədəniyyət inkişaf etdirilirdi.

Əsas siyasət ondan ibarət idi ki, Sovet respublikalarının titullu xalqlarının və etnik azlıqların yerli kadrları (misal üçün, abxaz, yaxud osetin elitasına müvafiq muxtariyyətlərdə vəzifə verilirdi) inzibati-ərazi vahidlərinin – yerli hakimiyyət orqanlarının, bürokratiyanın və nomenklaturanın daha aşağı səviyyəli vəzifələrinə təyin olunurdular. Yerli əhali yerli hakimiyyət orqanlarındakı məsuliyyətli vəzifələrə irəli çəkilməmişdən qabaq, Sovet dövləti respublikaların sərhədlərini etnik çərçivədə müəyyən edib. Beləliklə, Sovet vətəndaşları arasındakı etnik fərqlər ərazi prinsipi əsasında birləşdirilib.

Bundan əvvəl qeyd edildiyi kimi, ilk dəfə 1940-cı və 50-ci illərin əvvəllərindən başlayaraq Kvemo-Kartli bölgəsində adların yenidən dəyişdirilməsinin irimiqyaslı prosesinə başlanılıb. Azərbaycan mənşəli etnoqrafik ərazilər əsas hədəfdə idi. Dmanisi rayonunda daha çox yerli adlar dəyişdirilib. Belə ki, dəyişdirilmiş adların yarıdan çoxu bu regionun payına düşürdü (17-dən 9-u). Dmanisinin iki əsas bölgəsindəki ərazilərin adları daha çox dəyişdirilib. Onlardan üçü Dmanisi rayonunun şimalında, Tsalka ilə sərhəddən bir az kənarda yerləşir. Onların hamısı əsas magistral yolun üzərində, yəni Dmanisi bələdiyyəsi ilə Tsalka rayonunun Bediani şəhərini birləşdirən yolun üzərində yerləşir. Adları dəyişdirilmiş digər kəndlər bələdiyyə mərkəzinin ətrafındadır (bələdiyyə mərkəzinin adı da Başkeçiddən Dmanisiyə dəyişdirilib).

Marneulidə 3 Azərbaycan toponiminin adı dəyişdirilib: onlardan ikisi 1940-cı illərdə, biri isə 1959-cu ildə. Bolnisidə isə iki yer adı dəyişdirilib: biri 1940-cı, digəri isə 1950-ci illərdə. Tsalka şəhəri Azərbaycan dilində olan yeganə region mərkəzi idi. Bu şəhərin adı Barmaqsız olub. Bundan əvvəl qeyd edildiyi kimi, bu dövrdə Kvemo-Kartli regionunda bütün adlar “gürcüləşdirilib”. Bu proses regionun bütün inzibati mərkəzlərində baş verib. Barmaqsızdan sonra (hazırkı Tsalka) Lüksemburqi (hazırkı Bolnisi)  və Kvemo-Kartlinin 7 əsas şəhəri (buraya Qardabani, Tetri-Tskaro və Rustavi şəhərləri daxildir) etimoloji gürcü adları ilə dəyişdirilib. Lakin milli siyasət nəticəsində meydana gəlmiş yenidən adlandırmanın əsas səbəbi “gürcüləşdirmək” idisə, niyə digər qeyri-gürcü adlar deyil, yalnız Azərbaycan adları hədəfə çevrilmişdir?

90-cı illər

1990-cı il Gürcüstan tarixinin həlledici illərindən biri olub. Həmin dövrdə Sovet İttifaqı son nəfəsində idi. Bu da Gürcüstanda yeni müstəqil dövlətin formalaşması üçün imkan yaratmışdır. Gürcüstanın Sovet İttifaqı ilə vidalaşması təkcə bu ölkədə 70 illik kommunist qayda-qanunun başa çatması demək deyildi. Müstəqillik bu ölkədə ərazilərin “gürcüləşdirilməsi” prinsipi əsasında dövlət quruculuğunun başladılmasına təkan verdi. Həmin vaxt Gürcüstanda gürcü etnosu və dəyərləri hökmranlıq edirdi. Digər etnik qruplar isə ölkənin həyatında gülünc səviyyədə rol oynayırdılar. Bu zaman millətçilik siyasi diskursun leqallaşdırılması üçün əsas mənbəyə çevrildi. Müstəqil Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiya isə bu siyasətə sponsorluq etdi.

Bundan başqa, Kommunist Partiyası rəsmi olaraq 1990-cı ilin payızına qədər hakimiyyətdə olsa da, de-fakto vəziyyət bir az fərqli idi. Bu, 1989-cu ilin aprelində Gürcüstanda baş vermiş hadisələrlə bağlı idi. Belə ki, həmin vaxtdan etibarən bu ölkədə Sovet hakimiyyətinin legitimliyi başa çatmışdır. Gündəmdə olmuş məsələlər bütövlükdə və qeyd-şərtsiz millətçi hərəkat tərəfindən müəyyən edilirdi.

Lakin gürcü vətəndaşlarının milli yüksəlişi təkcə respublikanın əsas inzibati vahidlərinin (inzibati mərkəzlərin) adlarının dəyişdirilməsinə deyil, Kvemo-Kartlidəki azərbaycanlı əhalinin də vəziyyətinə mənfi təsir göstərdi. Misal üçün, bu, Sovet hakimiyyəti dövründəki sovxoz və kolxoz torpaqlarının, o cümlədən kollektiv fermaların bölüşdürülməsi prosesi zamanı özünü göstərdi. Şəffaflığın olmaması və bu proseslərdə əsas qarantın korrupsiya olmasının nəticəsində, dövlətə məxsus olmuş torpaqların əksəriyyəti “yerli hörmətli şəxslər”ə — sovxoz və kolxozların keçmiş direktorlarına, həmçinin yerli hakimiyyət orqanları ilə sıx əlaqədə olan insanlara icarəyə verildi. Lakin onların hamısı olmasa da, əksəriyyəti milliyyətcə gürcü olub.

1990-cı illərin sonlarında Bolnisi şəhərində yaşamış təxminən 800 ailə öz doğma evlərindən qovulub. Beləliklə, Bolnisi etnik olaraq gürcü şəhərinə çevrildi. Bununla bərabər, yerli hakimiyyət orqanlarında və dövlət strukturlarında yüksək vəzifə tutmuş (hətta aşağı vəzifədə olanlar da), həmçinin kənd təsərrüfatı, yaxud sənaye müəssisələrində çalışmış azərbaycanlıların əksəriyyəti vəzifələrindən azad edildilər və onlar titullu xalq olan gürcülərlə əvəz olundular. Yerli azərbaycanlı liderlərə daha aşağı səviyyəli vəzifələr təklif edildi. Qeyd edək ki, azərbaycanlılara bu vəzifələr Kvemo-Kartlinin nüfuzlu qubernatoru Levan Mamaladzeyə sadiq olacaqları təqdirdə təklif olunurdu. Bu baxımdan, yerli azərbaycanlı əhalinin tənqidlərini və etirazlarını ifadə etmək üçün az şansları var idi.

Məhz bu zaman Qoçulu kəndinin sakinləri onları gözləyən sürprizlə qarşılaşdılar. Kəndin adını göstərən əsas yoldakı işarə bir gecənin içində dəyişdirildi. Həmin andan etibarən onlar Çapala kəndində yaşayırdılar. Həmin dövrdə 19 Azərbaycan kəndi eyni aqibəti yaşadı. Qoçulu kəndinin sakinlərindən biri bu prosesin şəffaf olmadığını bildirmişdir. Onun sözlərinə görə, kənd sakinlərindən heç birinə bu məsələ haqda xəbər verməmişdilər. Bunun əksinə olaraq, sovxoz direktorlarının sənədləri imzalaması ilə kənd adlarının dəyişdirilməsinə icazə verildi. Yerli sakinlər etiraz etdikdə və məsələnin aydınlaşdırılmasını tələb etdikdə, onları yerli hakimiyyət orqanlarının binalarına aparırdılar. Yerli sakinləri sual verməyi dayandırmayacaqları təqdirdə həbs ilə hədələyirdilər. Onlar o vaxtdan bəri qorxduqlarını və buna görə də, toponimlərin adlarının bərpası üçün etiraz etmədiklərini etiraf ediblər (Hər halda hazırda Çapala kimi tanınan Qoçulu kəndinin sakinləri etiraf ediblər ki, kəndin adının dəyişdirilməsindən bir neçə ay sonra, sənədə imza atmış və etnik gürcü olan sovxoz direktoru “qərarına görə” öldürülüb).

Belə vəziyyət digər kəndlərdə də baş verirdi. Yəni, adları dəyişdirilmiş kəndlərin sakinlərindən fikirləri öyrənilmirdi. Buna misal olaraq Həsənxocalı kəndini göstərmək olar. Bu kəndin adı Xidisxuri ilə əvəz olunub. Yerli sakinlər səlahiyyətli orqanların heç bir xəbərdarlığı olmadan, kəndin girişindəki işarənin dəyişdirildiyini görüblər.

Bunun əvəzinə, Naxiduri (bu kəndin qonşuları buranı hələ də Arıxlı adlandırır) kəndinin adının dəyişdirilməsi məsələsi, bu kəndin yerli hakimiyyət orqanlarında müzakirə olundu. Görüşlər keçirildi və 17 deputatdan 16-sı Arıxlı kəndinin adının dəyişdirilməsinin əleyhinə səs verdilər. Lakin bu hadisənin şahidi olmuş bir deputatın sözlərinə görə, yerli hakimiyyət orqanları bu səsverməni qəbul etmədilər və öz planlarının icrasını davam etdirdilər. Lakin bu dəfə yerli əhali daha sərt reaksiya verdi. Yerli sakinlər öz etirazlarını bildirmək üçün, kəndin yeni adının yazıldığı trafareti (həmin vaxt kəndin adı Kakliani ilə əvəz olunmuşdur. Bir neçə həftədən sonra Naxiduri adına dəyişdirildi) qırdılar. Arıxlı adını yenidən bərpa etdilər. Bu hadisədən sonra kənd sakinlər bəyan etdilər ki, yerli hakimiyyət orqanları yeni trafaretlər gətirdilər və etirazlarını dayandırmayacaqları təqdirdə onları cəzalandıracaqları ilə hədələdilər.

Hər halda, 1990-cı ildə yaradılmış “Qeyrət” təşkilatı 1995-ci ildə Gürcüstan və Azərbaycan hökuməti, həmçinin Bolnisi sakinləri arasında (bu görüşdə prezident Eduard Şevarnadze də iştirak edib) görüş təşkil etdi. Bolnisi rayonunda Azərbaycan toponimlərinin adlarının dəyişdirilməsinin əleyhinə 27 min imza toplanmışdır. Görüş zamanı Gürcüstan hökuməti iki vəd verdi: yolların bərpa olunması və toponimlərin adlarının bərpa edilməsi.

“Qeyrət” təşkilatının yaradıcısı Əlibala Əsgərovun sözlərinə görə, Kvemo-Kartlidə Azərbaycan coğrafi adlarının dəyişdirilməsi Merab Kostavinin adını daşıyan təşkilat tərəfindən planlaşdırılıb. Bu təşkilatın məsul şəxsləri yeni dövlətin qurulmasında toponimlərin əhəmiyyəti haqda hesabat hazırlayıblar. İllər sonra, yəni hakimiyyətə Şevarnadze gəldikdən sonra, bu məsələ yüksək səviyyədə yenidən müzakirə olunub.

Qeyd edək ki, 21-ci əsrin ilk 10 ilində 6 Azərbaycan kəndinin adı dəyişdirilib. Beləliklə, Bolnisidə Azərbaycan toponimlərinin adlarının dəyişdirilməsini 1925-ci ildən başlayaraq 2015-ci ilədək olan müddəti müqayisə etdikdən sonra aydın olur ki, Azərbaycan toponimlərinin yerli landşaftdan tədricən silinməsi siyasəti yürüdülür və demoqrafik reallığı əks etdirməsə də, bu rayonda gürcü məkanının yaradılmasına çalışılır.

Bütün faktları ilə tanış olduqdan sonra belə bir qaçılmaz sual yaranır: Niyə məhz Bolnisi? Bundan əvvəl qeyd edildiyi kimi, Gürcüstanda etnik milliyyətçilik 1980-ci ilin sonlarından etibarən yaranmağa başlayıb. Sərt siyasi mühitin və Gürcüstanın hakim dairələrinin diskriminasiya siyasəti nəticəsində, etnik azlıqlar “qonaq statusu”nu əldə etdilər və bu, kütləvi miqrasiya ilə nəticələndi. Kütləvi miqrasiya Kvemo-Kartlinin azərbaycanlı icmasına daha çox təsir göstərdi. Bu siyasət gürcü cəmiyyətində “Gürcüstan gürcülər üçün” şüarı ilə məşhur idi.

1989-cu ildə əhalinin siyahıya alınması ilə bağlı hesabata əsasən, Gürcüstan əhalisinin 30%-ni etnik azlıqlar təşkil edirdi. Lakin 2002-ci ilin hesabatına əsasən, etnik azlıqların sayı 16%-dək azalıb (Abxaziya və Tsxinvali regionu istisna olmaqla). Lakin Bolnisi rayonunda hələ də əhalinin əksəriyyəti azərbaycanlıdır. Naxiduri (tarixi Qoçulu) ilə qonşu olan kənd sakinlərinin sözlərinə görə, azərbaycanlıların daha çox yaşadığı ərazilərin adları dəyişdirilib. Bu strategiyanın məntiqi sadə idi: etnik gürcülərin azlıq olduğu yaşayış məskənləri gələcək nəsillərə tarixi gürcü əraziləri kimi təqdim oluna bilər. Belə ki, əgər hər hansı bir ərazidə əhalinin əksəriyyəti azərbaycanlılardısa, həmin yerlər gürcü adları ilə dəyişdirilir. Gələcəkdə həmin ərazilərdə hansı xalqın say baxımından üstünlük təşkil etməsinə baxmayaraq, ada görə bu yerlərin tarixi gürcü əraziləri olmasına iddia etmək mümkündür.

2011-ci ilin aprelində İnsan haqlarının monitorinqi üzrə qeyri-hökumət təşkilatı Gürcüstanın müxtəlif ərazilərində mədəniyyət abidələri haqda araşdırmalar aparıblar. Onlar Gürcüstan dövlət reyestrinin saytında bir kəndin adını axtararkən, Azərbaycan kəndlərinin adlarının dəyişdirilməsini görüblər. Belə ki, Marneuli rayonunda 19, Tsalkada isə 12 Azərbaycan kəndinin adı dəyişdirilib. “Bir neçə yerlərin adlarının hansı səbəbə görə dəyişdirildiyini” soruşduqda təşkilatın nümayəndələri belə cavab veriblər: “Əsas yolboyu yer adlarının dəyişdirilməsini, daha geniş prosesinin tərkib hissəsi kimi görmək olar”. Yalnız müxtəlif QHT və mətbuatın təzyiqlərindən sonra köhnə adlarının dəyişdirilməsinin qarşısını almaq mümkün olub.

Bundan əlavə, onlar müəyyən ediblər ki, Tsalka şəhərində 12 kəndin adı dəyişdirilib. Lakin Tsalka rayonundakı məsələ yuxarıda qeyd etdiyimiz hadisədən fərqlənirdi. Belə ki, 2011-ci ilə qədər 12 deyil, 15 toponimin adı dəyişdirilib və bərpa olunmayıb. Yer adlarının yenidən bərpa olunmamasının və bu prosesin qarşısının alınmamasının ən inandırıcı səbəblərindən biri, Marneulidən fərqli olaraq, Tsalkada fəaliyyət göstərən QHT-lərdə kifayət qədər vəsaitin, istəyin, yaxud resursun olmamasıdır.

Gürcüstan İctimai Reyestr Agentliyinin rəhbəri Serqo Çikarişvili Azərbaycanda nəşr olunan həftəlik analitik “Region Plus” jurnalına müsahibəsində bildirib ki, bu hadisə agentliyin saytında yaranmış böyük səhv ilə bağlıdır və bu haqda agentliyin işçiləri bir müddət bundan əvvəl xəbər tutublar. S.Çikarişvili qeyd edib ki, bu səhvin hüquqi əsasları yoxdur. Beləliklə o hesab edir ki, azərbaycanlı toponimlərin gürcü adları ilə dəyişdirilməsindən söhbət gedə bilməz və bunun səhv nəticəsində baş verdiyini bildirir. Belə ki, S.Çikarişvili özəl kampaniyanın Gürcüstan İctimai Reyestr Agentliyinə verdiyi məlumata görə yanlışlığın baş verdiyini vurğulayıb. Həmin kampaniya Gürcüstanın ərazi sahələrinin kadastr qeydiyyatına cavabdehdir. Agentliyin rəhbərinin sözlərinə görə, bu adlar hələ Sovet dövründə qəbul edilib və bu, dolaşıq bir hadisə kimi üzə çıxıb.

Lakin qeyd etməliyik ki, Tsalka şəhərində yer adlarının dəyişdirilməsi təsadüfi ola bilməz. Bundan əlavə, müvafiq qanuna uyğun olaraq, bu fəaliyyət qeyri-qanunidir. Tarixi ədalətin bərpası ilə əlaqədar olaraq, kənd adlarının dəyişdirilməsi prosesi “vertikal qərarlara, yəni yuxarıların qərarları”na bağlı deyil. Kəndlərin adlarının dəyişdirilməsi yerli əhalinin və bələdiyyənin müstəsna səlahiyyətlərinə daxildir. Daha sonra bu məsələ İnfrastruktur və Regional İnkişaf Nazirliyinin komissiyasından keçməli və Gürcüstan prezidentinin dəstəyini qazanmalıdır.

Tsalkada toponimlərin adlarının dəyişdirilməsi zamanı həmin dövrdə Gürcüstan prezidenti olmuş Mixail Saakaşvili belə bəyanat vermişdir: “Vahid Gürcüstanın gücü onun müxtəlifliyinə əsaslanıb”.

Qeyd edək ki, bu məsələ ilə bağlı dövlətin mövqeyi obyektiv olsa da, de-fakto ölkədəki müxtəliflik nəzərə çarpmırdı. Etno-millətçilik hələ də gürcü cəmiyyətində sezilir. Etnik azlıqların hüquqları uğrunda mübarizə aparan bir fəal deyib ki, Gürcüstandakı etnik azlıqlar hüquqlarının pozulması haqda şikayət etmək hüquqlarına malik deyillər. Konfransda bir fəal Gürcüstan dövlət orqanları tərəfindən ölkədəki məscidlərin bərpasına vəsait ayrılmamasından şikayət edərkən gürcü fəal ona belə cavab verib: “Məscidlərinizi qorumağınıza imkan verdiyimizə görə sevinin”.

Əlbəttə ki, şikayət edənləri “nankor” hesab etmək olar. Çünki etnik azlıqlar müəyyən mənada Gürcüstan torpaqlarında “qonaq” kimi qəbul olunur. Əlbəttə ki, gürcülərin qonaqpərvərliyindən şikayət etmək biabırçı hal kimi hesab edilir.

2010-2011-ci illərdə Gürcüstanda QHT-lərə və müxtəlif insan haqları təşkilatlarına qarşı genişmiqyaslı kampaniya aparıldı. Nəticədə onların bir çoxu fəaliyyətini dayandırdı. Beləliklə, Gürcüstan hökuməti vətəndaş cəmiyyətinin zəifləməsindən istifadə edib. Onlar artıq yerli əhali ilə hər hansı bir qarşıdurmadan qorxmalı deyillər. Bu nəzəriyyə başqa bir araşdırmalar zamanı da təsdiq olunub. Belə ki, 2005-2006-cı illərdən etibarən Gürcüstan hökuməti yerli hakimiyyət orqanlarının səlahiyyətlərini azaldaraq, öz nüfuzunu artırıb.

2002-ci ildən etibarən isə Tsalka rayonunun 14 kəndi istisna olmaqla, azərbaycanlıların yaşadığı digər rayonlarda yer adları dəyişdirilib. Dmanisidə 2,  Bolnisidə 6, həmçinin Marneulidə 18-dən çox kəndin adı dəyişdirilib. Belə bir nəticəyə gəlmək olar ki, bunlar yalnız təsadüf nəticəsində baş verməyib. Bütün bunlar Stalin dövründən başlayaraq, vaxtaşırı, fasilələrdə davam edən prosesin bir hissəsidir. Müttəfiq respublikalardakı Sovet sistemi titullu qruplara siyasi və konstitusion üstünlüklər verir və respublikaları müvafiq qrupların tarixi vətəni kimi müəyyən edirdi. Bunun nəticəsində bu siyasət məqsədli şəkildə yürüdülüb.

Bundan əlavə, toponimlərin əksəriyyətinin adları dəyişdirilməsə də, onlar gürcüləşdirilmək prosesindən keçiblər. Yəni toponim adları gürcü dilinin elementlərinin əsasında adaptasiya olunub. Yer adlarının əksəriyyətinə zamanla klassik gürcü sonluğu olan “i” əlavə edilib. Həmçinin yer adlarının bəziləri orijinaldan gürcü dilinə tərcümə olunub. Misal üçün, Marneulidə yerləşən Yuxarı Saral kəndi 1940-cı illərin sonlarından etibarən Zemo Sarali kimi adlandırılıb. Lakin əksər hallarda Kvemo-Kartli bölgəsinin yerli əhalisi kəndlərin bundan əvvəlki adlarından istifadə edirlər. Müəyyən edilib ki, bəzi yerlərin qeyri-rəsmi adları əvvəllər həmin coğrafi ərazinin adı dəyişdirilməmişdən qabaq istifadə olunub. Buna misal olaraq Bolnisi rayonundakı Abdalo kəndini nümunə göstərmək olar. Hazırda bu kəndin adı Javşanianidir. Lakin digər nümunələr tamamilə fərqlənirdi. Bir neçə toponimlərin adlarının dəyişdirilməsi ilə bağlı ümumi fikirlərə baxmayaraq, rəsmi sənədlərin öyrənilməsi zamanı aydın olur ki, yeni və köhnə adlar paralel istifadə olunub.

Gürcüstan SSR-in inzibati ərazi bölgüsü sənədlərində 1930-cu ildə Sarvan və Marneulidəki əhalinin sayı göstərilib. Bundan başqa 1925 və 1930-cu illərin inzibati ərazi bölgüsü sənədlərində Çörük Qəmərli adına da rast gəlinir (Bolnisi ərazisinin tarixi adı). Bununla bərabər Lüksemburqi adına da rast gəlmək olar.

Naxiduri adı ilə əvəzlənmiş Arıxlı kəndi ilə bağlı olan hadisə həqiqətən də ibrətamizdir. Arıxlı kəndi Naxiduri coğrafi məntəqəsindən 10 kilometr məsafədə yerləşir. Naxiduridə bir kilsə yerləşirdi və heç kim yaşamırdı. 1990-cı illərin əvvəllərində bu yerin adı dəyişdirildikdə, yerli hakimiyyət orqanları Naxiduri ilə Arıxlı kəndini bir ərazi kimi götürüblər. Nəticədə hər iki ərazini birləşdirib, onları Naxiduri kimi adlandırıblar (bundan qabaq Kakliani kimi adlandırılıb). Eyni vəziyyət Dmanisi rayonunun Ququti şəhəri ilə təkrarlanıb. Əvvəllər azərbaycanlılarının yaşadığı iki kənd hazırda Ququti şəhərinin tərkibindədir. Belə ki, Patara Muğanlı və Saatlı kəndlərində azərbaycanlılar yaşayıblar. Yerli sakinlər buradan köçdükdən sonra, bu kəndlər yeni ərazi vahidi kimi Ququti adı altında birləşdirildi.

Müxtəlif gürcü tədqiqatçılarının toponimlərin adlarının dəyişdirilməsinə haqq qazandırmalarının səbəblərindən biri də budur ki, etnik gürcü vətəndaşları ölkənin ərazi bütövlüyünün itirilməsindən qorxurlar. Cənubi Osetiya və Abxaziya əraziləri itirildikdən sonra, etnik azlıqların bütün iddiaları gürcülər tərəfindən separatçılıq addımları kimi qəbul edilir və toponimlərin adlarının dəyişdirilməsi ərazi iddialarının leqallaşdırılması üçün bir mənbə ola bilər.

Lakin bütün bunlara baxmayaraq, Samtsxe-Cavaxeti Gürcüstan hakimiyyəti tərəfindən potensial münaqişə və separatçılıq zonası kimi qəbul edilir. Lakin 1991-ci ildə Gürcüstanın müstəqillik əldə etməsindən sonra, əhalisinin əksəriyyəti erməni olan Cavaxeti bölgəsində heç bir toponimin adı dəyişdirilməyib (Sovet kəndləri və inzibati mərkəz olan Ninoçmind istisna olmaqla. Ninoçmind əvvəllər Boqdanovka adı ilə tanınıb).

Tsalka rayonunda azərbaycanlıların yaşadıqları kəndlərin adları dəyişdirilsə də, erməni toponimlərinə toxunulmayıb.

Əksinə, 1918-ci ildən etibarən Azərbaycan toponimləri daha çox yenidən adlandırılıb. Kvemo-Kartlinin 4 rayonunda, Samtsxe-Cavaxetinin  Ninoçmind rayonunda 59 toponimin adı dəyişdirilib.

  • “Azərbaycan mənşəli” yer adlarının dəyişdirilməsi : 60
  • “Alman mənşəli” yer adlarının dəyişdirilməsi: 8
  • “Sosialist mənşəli” yer adlarının dəyişdirilməsi: 7
  • “Rus mənşəli” yer adlarının dəyişdirilməsi: 1

 

Müəlif: Maria Diego Gordon